Geokimya

Geokimya Yer qabığının və okeanlar kimi böyük geoloji sistemləri, mexanizmləri kimya alətləri və prinsipləri ilə izah edən elm sahəsidir. Geokimya geologiyanin bir qoludur. Geokimya bütün Günəş sistemi eləcə də Yerdə mantiya konveksiya, planetlərin formalaşması və qranit və bazalt mənşəyi, o cümlədən prosesləri öyrənən elmdir.Geokimya geoloji proseslərin inkişafında kimyəvi elementlərin tarixini, onların minerallarda və süxurlarda daşınma və yerləşmə formalarını öyrənir. Müxtəlif geoloji proseslərdə kimyəvi elementlərin toplanma şəraitini öyrənməklə, geokimya faydalı qazıntı yataqlarının fiziki-kimyəvi əmələgəlmə şəraitini xarakterizə edir və bununla da onların axtarış yollarını göstərir. Yataqların geokimyəvi axtarış üsulları geoloji-axtarış işlərində geniş tətbiq edilir və bu işləri yüngülləşdirərək və ucuzlaşdıraraq, geofiziki üsullarla birgə yer səthinə çıxmayan gizli yataqların axtarışına zəmin yaradır. Yataqların yeni tipli mineral xammalın və ya filizin yeni növünün texnoloji mənimsənilməsində geokimya elementin çıxarılmasına böyük köməklik göstərir. Yəni çıxarılmaya məruz qalan elementin hansı halda olması geokimyəvi üsullarla müəyyən edilir (mineral müstəqildirmi, qatışıqlar izomorfdurmu və hansı minerallarda iştirak edir və s.). Müxtəlif kimyəvi, fiziki üsulları bilərək, fiziki kimyanın məlumatlarından istifadə edərək, termodinamik hesablamalar apararaq, geokimya yataqların, xüsusilə də müxtəlif geokimyəvi proseslər nəticəsində üst-üstə gələnlərin genezisinin mürəkkəb məsələlərini həll etməyə qadirdir.Geokimya kompleks elmdir. O geoloji (mineralogiya, petrologiya, litologiya, faydalı qazıntı yataqları, hidrogeologiya və s.) və kimyəvi (qeyri-üzvi və fiziki kimya, kimyəvi termodinamika, kristallokimya, kolloid kimyası) elmləri arasında aralıq vəziyyət tutur. Hal-hazırda petroloji və geodinamik məsələləri geokimyasız həll etmək qeyri-mümkündür. Bununla yanaşı, bizim planetin tərkibi və əmələ gəlməsi məsələlərində geokimya astronomik (kosmogeniya, meteoritika), fiziki (radiogeologiya, nüvə geologiyası, geofizika), bioloji (biokimya, torpaqşünaslıq) və coğrafi (fiziki coğrafiya,landşaftsünaşlıq) elmlərlə təmasda olur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search